Tomas Müller rəsmən Kanada klubunda!

Futbol üzrə Almaniya millisinin və “Bayern”in sabiq hücumçusu Tomas Müller bundan sonra “Vankuver Uaytkeps”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə MLS təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

35 yaşlı alman futbolçu Kanada klubu ilə 2025-ci ilin 31 dekabrına qədər anlaşıb. Amma tərəflər sonradan müqavilənin müddətini daha 1 il artıra bilərlər.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə Tomas Müller 25 il ərzində uğurları üçün çalışdığı Almaniya nəhəngi “Bayern”dən ayrılmışdı.

Müller “Bayern”in məzunudur. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsində olub və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edib.

Müller ötən mövsümdə Münhen klubu üçün bütün yarışlarda 49 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 756 oyun, 250 qol, 276 məhsuldar ötürmədən ibarətdir.

Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 13 dəfə Almaniya Bundesliqasının, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin “bundestim”lə DÇ-2014-ün qalibi adını qazanıb.

Müller “Bayern” üçün oyunların sayına görə klubun rekordçusu, vurduğu qolların sayına görə isə ən sərrast üçüncü qolçudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: