AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqasının ilk turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən, bu gün keçirilmiş iclasda qəbul edilmiş qərarlarla sizi də tanış edir:
Azərbaycan Premyer Liqası, 1-ci tur
“Karvan” – “Qəbələ” oyununda “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 1-ci tur
“Zirə-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Murad Ələkbərov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Zirə-2” buna görə 300 manat cərimə edilib. “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Qarabağ-2” oyununun 51-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Cavid Məlikov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qarabağ-2” buna görə 100 manat cərimə edilib.
“Qəbələ-2” – “Kəpəz-2” oyununda hakim-inspektor matçın videoyazısı ilə təmin edilmədiyinə görə “Qəbələ-2” 100 manat cərimə edilib.
“Sabah-2” – “Turan Tovuz-2” oyunu “Turan Tovuz”un matça gec gəlməsi səbəbindən 30 dəqiqə gec başladığına görə Tovuz komandası 300 manat cərimə edilib. “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz klubu 70 manat cərimə edilib. “Sabah”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib.


