Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, AFFA İntizam Komitəsi hər iki liqada mövsümün 2-ci turunun oyunları ilə bağlı qayda pozuntularına hüquqi qiymət verib. Açıqlanmış qərarların siyahısını təqdim edirik:
Azərbaycan Premyer Liqası, 2-ci tur
“Kəpəz” – “Karvan” oyununda qonaq komandanın futbolçusu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq, analoji hal yenidən təkrarlandığı üçün Yevlax klubu 1500 manat cərimə edilib.
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 2-ci tur
“Neftçi-2” – “Şamaxı-2” oyununun 69-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Mirşahbaz Şahbazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Neftçi-2” buna görə 50 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 70 manat cərimə edilib. Oyunun 52-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Gəncə komandasına xəbərdarlıq edilib.
“Araz-Naxçıvan-2” – “Sabah-2” oyununda “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 70 manat cərimə edilib.
“Qəbələ-2” – “Zirə-2” oyununda “Qəbələ”nin futbolçusu Elnur Mustafayevin formasında nömrəsi sifariş ərizəsindəki nömrəsindən fərqli olduğuna görə klubu 300 manat cərimə edilib.


