Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və İkinci Liqanın son oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Həmin qərarların siyahısı ilə sizi də tanış edirik:
Azərbaycan Premyer Liqası, 5-ci tur
“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” 2000 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Araz-Naxçıvan” buna görə 500 manat cərimə edilib. Oyunun 60-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” 5000 manat cərimə edilib.
İkinci Liqa, 3-cü tur
“Quba” – “Şəmkir” oyununun 46-cı dəqiqəsində “Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Quba”ya xəbərdarlıq edilib.
“Şirvan” – “Göygöl” oyununda “Göygöl”ün nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Göygöl” 100 manat cərimə edilib. “Göygöl”ün həkimi olmadığına görə sözügedən komanda 100 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” 70 manat cərimə edilib.
“Şəki” – “Qaradağ Lökbatan” oyununun 85-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu İsa Zeynallı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qaradağ Lökbatan” buna görə 50 manat cərimə edilib. “Şəki” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndi pozulduğuna görə Şəki komandası 100 manat cərimə edilib.


