UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi”nin futbolçusu Koul Palmer zədələnib.
Arena.az xəbər verir ki, bu barədə 23 yaşlı yarımmüdafiəçinin meneceri sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Palmer İngiltərə Premyer Liqanın 5-ci turunda, “Mançester Yunayted”lə matçda zədə alıb. İngilis futbolçunun 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də keçiriləcək.
Koul Palmer “Mançester Siti”nin məzunudur. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 2 qol vurub.
Palmer “Çelsi”nin heyətində ümumilikdə 101 oyun keçirib, 45 qol vurub, 29 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. Koul “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb. “Çelsi” ilə isə Palmer Konfras Liqasının (2024/2025) və FIFA Klub Dünya Kubokunun (2025) qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.


