Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turu “Şamaxı” üçün əlamətdar olub.
Arena.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”la görüş meydan sahibləri üçün ölkə çempionatının yüksək dəstəsində 350-ci ev matçı kimi tarixə düşüb.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşımış bu komanda öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub. 1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb. Şamaxı təmsilçisi bu görüşlərdə 467 qol vurub, 280-ni buraxıb.
Xatırladaq ki, Azərbaycan çempionatında yalnız iki komanda – “Qarabağ”la “Neftçi” daha çox ev oyunu keçirib. Çünki bu kollektivlər bütün milli çempionatlarımızda fasiləsiz olaraq iştirak ediblər.


