“Sumqayıt” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində (Premyer Liqa) 200-cü səfər qoluna imza atıb.
Arena.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 6-cı turuna təsadüf edib.
“Sabah”la görüşdə (1:1) fərqlənmiş Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi olub. 200-cü səfər qolu rəqib meydanlarındakı 221-ci matçda qeydə alınıb. “Sumqayıt” turnirin tarixində ən azı 200 səfər qolu vurmuş 9-cu komandadır.
Xatırladaq ki, Sumqayıtın eyniadlı təmsilçisinin Premyer Liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər qarşılaşmasında (1:2) fərqlənib.
Saşa İliçin rəhbərlik etdiyi komanda cari mövsümdə uğurlu nəticələri ilə diqqət çəkir. Sözügedən kollektiv ilk 6 turda 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət görüb.


