Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) penalti sayında 2025/2026-cı illər mövsümünün rekordu qeydə alınıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Çempionatın 7-ci turu penaltilərlə zəngin olub. Altı oyunda beş dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. Ruan Renato (“Zirə”) “Neftçi”nin, Coy-Lens Mikels (“Sabah”) “Karvan”ın, Rikardo Apolinario (“Şamaxı”) “Qəbələ”nin qapısına yol tapıb. Dioqo Almeyda (“İmişli”) “Araz-Naxçıvan”a, Aleksandr Ramalinqom (“Sumqayıt”) “Turan Tovuz”a qarşı matçda imkanı qaçırıb.
Bu, penalti sayında mövsümün rekordudur. Premyer Liqada daha çox belə zərbələrin təyin edilməsi sonuncu dəfə ötən mövsümün 11-ci turuna təsadüf olunub.
Həmin vaxt 5 oyunun hamısında, ümumilikdə altı dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib. 2024-cü il oktyabrın 25-27-dəki turda bu zərbələrdən üçü qolla nəticələnib, üçü qeyri-dəqiq alınıb. Toral Bayramov (“Qarabağ”) “Şamaxı”, Felipe Santos (“Araz-Naxçıvan”) “Zirə” ilə matçda dəqiq olubsa, Jesse Sekidika (“Sabah”) “Neftçi”, Fərid Nəbiyev (“Səbail”) “Sumqayıt”la dueldə şansı qaçırıb. İki penalti təyin edilən görüşdə isə Luis Paçu (“Kəpəz”) qola sevinibsə, Kristian da Silva (“Turan Tovuz”) qeyri-dəqiq olub.


