“Qarabağ” “Simurq”un rekordunu təkrarladı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu “Qarabağ”ın meydana start heyətində 11 legionerlə çıxması ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, Qurban Qurbanov “Turan Tovuz”la səfər qarşılaşmasında “11-lik”də yerli futbolçulara şans verməyib. Bu, cari mövsümdə ilk belə hadisədir.

Azərbaycan çempionatları tarixində isə 2-ci dəfə belə “11-liy”ə təsadüf olunub. Legioner limitinin indiki kimi olmadığı 2009/2010-cu illər mövsümündə bir matçda eyni komandanın start heyətində 11 əcnəbi yer alıb.

2009/2010-cu illər mövsümünün 19-cu turunun “Simurq” – “Xəzər Lənkəran” görüşündə (1:2) meydan sahibləri 11 legionerə güvəniblər: 77. Vitali Postranski, 4. Aleksandr Malıgin (k), 7. Gennadi Solonitsin, 8. Ruslan Qunçak, 17. Kaxaber Çxetiani, 18. David Bolkvadze, 19. Yuri Bulıçev, 23. Roman Axalkatsi, 24. Andrey Raspopov, 32. Aleksandr Qolban, 33. Nenad Beqoviç.

2010-cu il fevralın 9-da keçirilmiş qarşılaşmadan 5729 gün sonra eyni hadisə yaşanıb. Həmin vaxt olduğu kimi, yenə qonaq komanda 2:1 hesablı qələbə qazanıb. Amma bu dəfə matça 11 legionerlə başlamış komanda üç xala sevinib.

Zaqatalada keçirilmiş oyunda yerli komandanın baş məşqçisi də legioner – ukraynalı Roman Pokora olub. Bu dəfə isə 11 legionerə uzun illərdir “Qarabağ”ı çalışdıran yerli mütəxəssis Qurban Qurbanov şans verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: