Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 8-ci turu “Kəpəz” komandası üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Gəncə klubu bu oyunda mövsümdəki ilk qələbəsini qazanıb.
Sözügedən komandanın ilk qələbəsi “Şamaxı” ilə səfər matçına təsadüf edib – 4:1.
Bu, həm də qərblilərin Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsi olub. “Kəpəz” bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.
Gəncə klubu buna qədər səfərdəki son belə qələbəsini “Qəbələ” üzərində qazanıb. 2023-cü il dekabrın 9-da qonaqlar 3:0 hesabı ilə qalib gəlib.
Gəncəlilərin səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də “Plastik”lə görüşdə qeydə alınıb – 3:0.
Xatırladaq ki, Gəncə təmsilçisi hazırda 3 xalla Premyer Liqanın cari mövsümünün turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.


