Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turu yüksək məhsuldarlıqla əlamətdar olub.
Arena.az xəbər verir ki, baş tutmuş 6 qarşılaşmada qapılara 24 qol vurulub.
“Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan” (4:1) oyunlarında 5, “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) matçlarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) qarşılaşmalarında 3 qol vurulub.
Bu, cari mövsümün yeni məhsuldarlıq rekordudur. Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu 5-ci tura təsadüf etmişdi.
Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/2022-ci illər mövsümünün 10-cu turunda qeydə alınmışdı. Həmin vaxt 4 oyunda 17 qol vurulmuşdu və məhsuldarlıq 4,25-ə bərabər olmuşdu.
Xatırladaq ki, 2021-ci il noyabrın 6-7-də keçirilmiş həmin turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri baş tutmuşdu.


