Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 8-ci turundakı qayda pozuntularına hüququ qiymət verilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 8-ci tur
“Şamaxı” – “Kəpəz” oyununun 44-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Şamaxı” buna görə 3000 manat cərimələnib. “Şamaxı”nın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün sözügedən klub 1500 manat cərimə edilib. “Kəpəz”in də geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün Gəncə komandası 1500 manat cərimə edilib. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub komandası 700 manat cərimə edilib.
“İmişli” – “Qəbələ” oyununda “Qəbələ”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
“Sumqayıt” – “Karvan” oyunu “Karvan”ın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün Yevlax komandası 3000 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün paytax komandası 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə sözügedən klub 6000 manat cərimələnib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə paytaxt komandası 3000 manat cərimə edilib.


