“Napoli”nin futbolçusu Alessandro Buoncorno UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, İtaliya və Azərbaycan çempionları arasındakı görüş sabah Neapol şəhərində baş tutacaq.
Alessandro Buoncorno bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında iştirak edib. 26 yaşlı italiyalı mərkəz müdafiəçisi Azərbaycan çempionunun keyfiyyətli komanda olduğunu bildirib:
“Biz möhkəm komandayıq. Sabah böyük bir oyun keçirmək üçün gücümüz və böyük inamımız var. “Atalanta üzərində qələbə bizə böyük ruh yüksəkliyi verdi. Şübhəsiz ki, həmin oyun çox enerji tələb etdi. Lakin biz eyni zamanda çox güc topladıq. İndi həmin enerjini sabah meydana qoymalıyıq. Çünki qarşıda bizim üçün çox önəmli oyun var. Həmişə öz bacarıqlarımıza və baş məşqçinin göstərişlərinə güvənmişik. Oyuna öz dəyərimizi nümayiş etdirə biləcəyimizə tam şəkildə inanaraq hazırlaşırıq. “Qarabağ keyfiyyətli komandadır, Çempionlar Liqasında çox yaxşı iş görür. Çətin bir oyun olacağını bilirik. Azarkeşlərimizin dəstəyi bizim üçün həlledici olacaq və əlavə güc verəcək”.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçına sabah Bakı vaxtı ilə 00:00-da start veriləcək.


