“Nyukasl”ın braziliyalı dayaq yarımmüdafiəçisi Bruno Gimarayns həmvətəni, “Mançester Yunayted”in “dayaqçı”sı Kazemiro haqda söhbət açıb.
Arena.az Gimaraynsın müvafiq fikrini təqdim edir:
“Kazemiro toplu bir oyunçudur. Onun karyerası öz sözünü deyir. Braziliyada o çoxları üçün pərəstişgahdır. Kazemiro inanılmaz zirvələri fəth edib, xüsusilə “Real”da, beş dəfə Çempionlar Liqasını qazanmaqla”, deyə Bruno Gimarayns məmnunluqla vurğulayıb.
Xatırladaq ki, Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro məbləğ müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kazemiro bu mövsüm 11 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted” karyerası ümumilikdə 136 oyun, 20 qol və 13 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023-cü illər mövsümündə İngiltərə Liqa Kubokunun və 2023/2024-cü illər mövsümündə İngiltərə Kubokunun qalibi olub.
Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 82 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


