Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 14-cü tur
“Sabah” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə sözügedən klub 5000 manat cərimə edilib.
“Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 1000 manat cərimə edilib. “İmişli”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə ödəyəcək.


