Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça”nın italyan-alman baş məşqçisi Domeniko Tedesko istefaya göndərilib.
Arena.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi ötən gecə azarkeşləri təəccübləndirən radikal addım atıb.
Klubun idarə heyətinin iclasından sonra baş məşqçi Tedesko və onun texniki heyəti ilə yolların ayrıldığı rəsmən açıqlanıb. Təkcə baş məşqçi deyil, eyni zamanda idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çələbi də vəzifələrindən kənarlaşdırılıblar.
Klubun yaydığı rəsmi bəyanatda bildirilir ki, mövsümün sonuna qədər komandaya köməkçi məşqçi Zeki Murat Göle rəhbərlik edəcək.
Xatırladaq ki, Domeniko Tedesko 2025-ci ilin sentyabr ayında “Fənərbağça”nın baş məşqçisi təyin edilmişdi. 40 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 45 oyuna çıxarıb, 26 qələbə, 12 heç-heçə, 7 məğlubiyyət görüb.
“Fənərbağça” cari mövsümdə Türkiyə Super Liqasında keçirdiyi 31 oyunda 19 qələbə qazanıb, 10 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda 67 xalla ikinci pillədə qərarlaşıb və lider “Qalatasaray”dan 7 xal geri qalır. Təsadüfi deyil ki, “Fənərbağça” Tedeskonu məhz iki gün öncə “Qalatasaray”a 0:3 hesabıyla uduzduğu oyundan sonra qovub.
Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada “Leypsiq”, “Şalke” və “Ersgebirge”ni, həmçinin Belçika yığmasını çalışdırıb.


