İkinci Liqada 2025/2026 mövsümünün qalibi olmuş “Xankəndi” komandasına bu gün qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Arena.az xəbər verir ki, bu gün Binə qəsəbə stadionunda futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün qalibi, eləcə də gümüş və bürünc medalçıları üçün mükafatlandırma mərasimi təşkil edilib.
Mükafatlandırma mərasimində turnirin üçüncüsü olmuş “Quba” komandasına bürünc medallar təqdim edilib.
Daha sonra turnirin gümüş mükafatçısı “Qaradağ Lökbatan” komandası medallarına qovuşub.
Son olaraq turnirin qalibi olmuş “Xankəndi” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib. Region Liqasının ardınca İkinci Liqanın da çempionu olan və Premyer Liqaya vəsiqə qazanan komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər. Ardınca “Xankəndi” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
Mərasimdə turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olunub. “Xankəndi”nin hücumçusu Bəhruz Teymurov 27 qolla İkinci Liqada 2025/2026-cı illər mövsümünün ən sərrast futbolçusu seçilib. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.


