Zaur Həşimov 2026/2027-ci illər mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa”nın baş məşqçisi təyin edilib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər arasındakı danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib. Yekunda “Şəfa” ilə yeni baş məşqçisi arasında 3 illik müqavilə imzalanıb.
Zaur Həşimov “Şəfa” klubuna yad sima deyil. O, futbolçu kimi bu komandanın formasını geyinib və 2000/2001-ci illər mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Həşimov daha öncə “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin, Azərbaycanın U-18 milli komandasına da rəhbərlik edib.
Premyer Liqaya Birinci Liqanın çempionu kimi vəsiqə qazanmış “Şəfa”ya geridə qalmış mövsümdə Elgiz Kərəmli rəhbərlik edirdi. Amma o, komandanı Premyer Liqaya çıxardıqdan sonra istefaya göndərilib.


