Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San Marino yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Macarıstanın Sombathey şəhərində üz-üzə gələcəklər.
Ayxan Abbasov bu gün baş tutmuş mətbuat konfransında hazırlıq prosesi və komandadakı ümumi vəziyyətlə bağlı danışıb:
“Hər şey plan üzrə gedir. Geniş heyətimiz var. Sadəcə, Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsini buraxdılar. Bu da planlarımızı bir qədər pozdu. Təbii ki, hər iki matçda qalib gəlmək istəyirdik. Lakin bir yerdə olmaq, bu görüşləri keçirib hücumdakı problemlərimizi görmək vacib idi. Son məğlubiyyətə gəlincə, yaxşı oynamağımıza baxmayaraq, nəticə bizi qane etmədi. Hücumları məntiqli sonluqla tamamlamaq lazımdır. Futbolçuların oyun təcrübəsi ilə bağlı müəyyən problemləri var, lakin bu, bəhanə ola bilməz.
Malta ilə oyunda komandamız tərəfindən yaxşı hücumlar və mübarizə gördük, sadəcə sonluq çatışmadı. Bununla bağlı təhlil zamanı komandaya iradlarımızı bildirdik. Onlar bu ölkənin ən yaxşılarıdır və imkan yaranırsa, mütləq qol vurmalıdırlar. Hücumları tamamlamaq üçün oyun təcrübəsi çatışmadı. Futbolçular millidə yaxşı oynamaq üçün klublarında 7-8 dəqiqə meydanda olmaqla kifayətlənməməlidirlər.
Bu dəfə heyəti tamamilə dəyişəcəyik. Start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Ayxan Hüseynov, Rüstəm Əhmədzadə və Renat Dadaşov meydana çıxacaqlar. Cəlal universal oyunçudur. Biz onu hələ “Şamaxı”da digər mövqelərdə sınamışdıq. Ehtiyac olarsa, dayaq yarımmüdafiəçisi kimi də oynaya bilər”.
Ayxan Abbasov Abdulla Xaybullayevlə Anton Krivotsyuku heyətdən kənarlaşdırmasına da aydınlıq gətirib:
“Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-hava var. Bu qərar yalnız hazırkı toplanışa aiddir”.


