AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Emin Cəfərov Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Elbasani” (Albaniya) – BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.
Sözügedən qarşılaşma iyulun 7-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Maraq üçün xatırladaq ki, “Elbasani” ilə BATE arasındakı cavab qarşılaşması iyulun 16-da Azərbaycanda təşkil ediləcək. Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək bu oyuna saat 21:00-da start veriləcək.
Qeyd edək ki, UEFA Belarus klublarına ev oyunlarını öz ölkələrində keçirməyə icazə vermir. Bu üzdən də sözügedən komandalar avrokubok oyunlarını neytral meydanlarda keçirmək məcburiyyətində qalırlar.


