Kreyq Qordon karyerasını başa vurdu

Futbol üzrə Şotlandiya milli komandasının və “Seltik”in sabiq qapıçısı Kreyq Qordon 43 yaşında peşəkar futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə onun son klubu “Harts”ın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qolkiper ötən mövsüm “Harts”ın heyətində cəmi 3 oyuna çıxıb. O, bu matçların 2-də qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 2 qol buraxıb.

Kreyq Qordon məhz “Harts”ın yetirməsidir. Vaxtilə bu klubda olarkən “Kaudenbit”də icarədə də oynamış qapıçı 2007-2012-ci illər aralığında İngiltərənin “Sanderlend” klubunda çıxış edib. 2012-ci ildə “Seltik”ə üz tutmuş qolkiper bu komandada 8 il keçirib. O, 2020-ci ildə “Seltik”dən ayrılandan sona doğma klubu “Harts”a qayıtmışdı.

Qordon peşəkar karyerası ərzində 685 rəsmi oyunda meydana çıxıb. O, bunların 249-da qapısını toxunulmaz saxlayıb və 715 qol buraxıb.

Qapıçı “Seltik”lə 6 dəfə ölkə çempionu olub, 4 dəfə ölkə kubokunu, 5 dəfə isə Şotlandiya Liqa Kubokunu qazanıb. “Harts”ın heyətində isə o, ölkənin ikinci divizionunun çempionluğunu yaşayıb. Qordon, həmçinin 2021/2022-ci illər mövsümündə Şotlandiya Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

Qordon 2004-2026-cı illər aralığında formasını geyindii Şotlandiya millisinin heyətində 84 oyuna çıxıb, 83 qol buraxıb, 34 matçda qapısını toxunulmaz saxlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: