FIFA-nın sabiq prezidenti Yozef Blatter dünya çempionatının (DÇ-2026) final matçının fasiləsində şou proqramı keçirilməsi qərarını sərt tənqid edib.
Arena.az xəbər verir ki, Argentina və İspaniya milliləri arasında keçiriləcək final görüşünün fasiləsinin adi 15 dəqiqə əvəzinə 30 dəqiqə davam edəcəyi barədə xəbərlər dolaşmaqdadır.
Bu müddətdə stadionda Castin Biber, Şakira, Madonna, BTS və digər məşhur ifaçıların iştirakı ilə musiqili şou təşkil olunacağı bildirilir.
Blatter sosial şəbəkə hesabında paylaşdığı fikirdə bu yeniliyin futbolun ənənələrinə uyğun olmadığını bildirib.
“Su fasilələri yalnız başlanğıc idi. Bazar günü dünya çempionatının finalı turnirin əsas “yeniliyini” nümayiş etdirəcək – futbol tarixinin ən uzun fasiləsini.
Dünya çempionatının finalı Super Boulun surətinə çevrilir. Hara gedirsən, FIFA?”
Qeyd edək ki, dünya çempionatının final görüşü iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək. Həlledici qarşılaşmada Argentina və İspaniya milliləri üz-üzə gələcəklər.


