“Şəfa”nın baş məşqçisi Zaur Həşimov yeni mövsümə hazırlıq çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün Qəbələdə baş tutmuş görüşdə qalib müəyyənləşməyib – 1:1.
Zaur Həşimov komandasının növbəti heç-heçəsi barədə bunları söyləyib:
“Qəbələ” ilə matç ikinci yoxlama oyunumuz idi. Ümumilikdə oyun yaxşı alındı. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar.
Meydanda olan bir neçə futbolçumuz bizimlə birlikdə cəmi 4-5 məşqdə iştirak edib. Heyətimizi komplektləşdirməyə çalışırıq. Yeni qurulan komandayıq və futbolçuların meydanda bir-birini daha yaxşı tanıması üçün zaman lazımdır. Başa düşürük ki, vaxtımız çox azdır. Lakin çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq”.
Xatırladaq ki, “Şəfa” ilk sınaq oyununda “İmişli” ilə də heç-heçə etmişdi – 2:2. Komanda növbəti yoxlama matçını iyulun 31-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.


