“Qəbələ” qanalı cinah hücumçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Klub rəsmən açıqlamasa da, əldə etdiyimiz məlumata görə, Azərbaycan təmsilçisi bu satışdan 250 min avro gəlir əldə edib.
Artıq Slovakiya klubu da bu transferi rəsmən açıqlayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, 20 yaşlı vinger 2025-ci ilin iyul ayında Qananın “Nayan” Akademiyasından Azərbaycan klubuna cəlb olunmuşdu. O, “Qəbələ”nin heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qəbələnin eyniadlı təmsilçisi Prins Ovusuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


