“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Avrokubok oyunlarından sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildik. Qarşımızda “Zirə”ni ən yaxşı tanıyan məşqçi var idi. Zaur Həşimov komandamızda 7 il çalışıb. Bu, hiss olunurdu. “Şəfa”ya qarşı oynamaq “Payde”yə qarşı oynamaqdan daha çətindir. Orada hər 5-8 dəqiqədən bir qol epizodu yaradırdıq, bu dəfə belə olmadı. Oyunda rəqibdən üstün olduğunuz zaman əks-hücumlar təhlükəli olur. Müdafiəyə də diqqət yetirmək lazımdır. Bu, “Zirə”də 7-ci ilimdir. Bu qədər qol epizodu yaradıb məğlub olduğumuz oyunu xatırlamıram. Amma “Payde” ilə matçda belə oldu. Futbolçu karyeramda da belə hallar yaşanıb. Hamımız məyus olmuşduq. Bu gün isə daha dəqiq oynadıq. Ümid edirəm, hər şey düzələcək”.
Rəşad Sadıqov İssa Cibrilla və Eren Aydının performansına da toxunub:
“Cibrilla çox az oynayıb. Ona güvənirik, hücumlarımızı onun üzərindən qururuq. Rotasiyalar olacaq. O da öz üzərində daha çox çalışır. Eren Aydının kiçik zədəsi var idi, amma tam fədakarlıqla oynadı və gözəl qol vurdu. “Payde” ilə oyunda isə iki dəfə dirəyi nişan almışdı”.
Zaur Həşimovdan uğursuz debütə şərh
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Meydanda daha çox mübarizə aparırdıq. Yaxşı komandaya qarşı oynayırdıq. “Zirə” artıq 6 həftədir ki, məşqlərdədir, bizim fiziki durumumuz isə onlardan daha aşağı səviyyədədir. Buna baxmayaraq, komandamdan narazı qalmadım və futbolçularıma təşəkkür etdim. Bizə sadəcə vaxt lazımdır. Komandanı sıfırdan yığmışıq. İlk məşqdə cəmi 12-13 futbolçumuz var idi. İnanıram ki, vaxt keçdikcə daha yaxşı komanda olacağıq.
Ötən mövsüm Birinci Liqada çıxış edən komandadan bəzi futbolçular heyətdə qalıb. Həmçinin həm yerli, həm də əcnəbi oyunçular dəvət etmişik. Bəzi mövqelər üçün yerli futbolçularla danışıqlar aparsaq da, uyğun namizəd tapa bilmədik. Buna görə də rəhbərlik daha çox legionerlərə üstünlük verməyi məqsədəuyğun saydı.
Bütün oyunlara pozitiv yanaşacağıq. Yoxlama matçlarında məğlub olmamışdıq, bu gün ilk dəfə uduzduq. Futbolçuların öz keyfiyyətini və bacarığını tam göstərə bilməsi üçün fiziki cəhətdən istədiyimiz duruma gəlmələri şərtdir. Birinci hissədə də göründü ki, komandadaxili anlaşma hələ ideal deyil. Ancaq bu, hər yerdə rast gəlinən haldır. Bu gün də pis oynamadıq və oyundan-oyuna performansımızı artıracağıq. Əvvəllər millinin oyunları ilə əlaqədar yaranan fasilələr sentyabrın əvvəllərinə təsadüf edirdi və yeni yığılan komandalar həmin aradan səmərəli istifadə edirdi. Bu dəfə isə təqvim fərqli olduğu üçün müəyyən sıxıntılarımız ola bilər”.


