Futbol üzrə Mərakeş millisinin və PSV-nin cinah hücumçusu Kouhaib Drioş bundan sonra “Selta”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
24 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş 4 illik müqavilə imzalanıb. “Selta” bu transfer üçün Niderland klubuna 7 milyon avro ödəyib.
Niderlandda dünyaya göz açmış Kouhaib Drioş “Herenven”in yetirməsidir. Üç il “Ekselsior”da da forma geyinmiş futbolçu 2024-cü ildən PSV-də çıxış edirdi. O, Eyndhoven təmsilçisinin heyətində 61 oyuna çıxıb, 12 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
Drioş ötən mövsüm PSV-nin heyətində keçirdiyi 40 matçda 9 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Çempionlar Liqasında oynadığı 12 qarşılaşmada isə 4 dəfə fərqlənib, 2 qolun ötürməsini verib.
“Transfermarkt” intermet-portalı 24 yaşlı vingerin transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.



