Şotlandiyanın “Dandi Yunayted” klubunun yarımmüdafiəçisi Viçko Şevel bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Bakı klubunun rəsmi saytına istinadən xəbər verir.
Xorvatiyadan olan 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək. Transferin digər detalları açıqlanmayıb.
Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Viçko Şevel peşəkar karyerasına Split “Hayduk”undan başlayıb. O, sonralar “Sarayevo”, “Akron” (Tolyatti), “Radomlye” kimi klublarda da forma geyinib.
Şevel sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. O, 2026/2027-ci illər mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.
Xorvat futbolçu ölkəsinin U-20 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.


