Premyer Liqanı tərk edəndən sonra Birinci Liqada mübarizə aparan, elitaya qayıda bilməyən “Səbail” tezliklə adını da dəyişəcək.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bunlar vurğulanıb:
“Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir. Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir.
Bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır”.
Xatırladaq ki, “Səbail” artıq ev oyunlarını keçirdiyi “Bayıl Arena”dan da çıxarılıb. Bir müddət əvvəl isə klub rəhbərliyində dəyişiklik olub. Məhz bu dəyişiklikdən sonra paytaxt təmsilçisinin Qubaya köçəcəyi barədə xəbərlər yayılmağa başlamışdı. Artıq klubun da bunu rəsmən təsdiqləməsi bu xəbərlərin doğru olduğunu təsdiqləmiş oldu.


