“Gəncə” və “Şəki”dəki fəaliyyəti ilə tanınmış türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında (ABF) vəzifə alıb.
Arena.az bu barədə ABF-in mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Meriç Azərbaycanın U-14 və aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandalarının koordinatoru və baş məşqçisi vəzifəsinə təyin olunub.
Azərbaycandakı fəaliyyətindən əvvəl mütəxəssis Türkiyə Basketbol Liqasında (TBL) köməkçi məşqçi, Türkiyə Basketbol İkinci Liqasında (TB2L) isə baş məşqçi kimi çalışıb. O, həmçinin “TED Ankara Koleji” və “Atakule Spor Akademiyası”nda aşağı yaş qrupları ilə işləyib, komandaları ilə yerli yarışlarda və Türkiyə çempionatlarında uğurlar əldə edib.
Bedri Meriç yeni təyinatı ilə bağlı fikirlərini də bölüşüb:
“Əsas məqsəd aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə yığmaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik”.
Qeyd edək ki, təcrübəli mütəxəssis son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi fəaliyyət göstərib. O, 2023/2024-cü illər mövsümündə “Gəncə”, növbəti iki ildə isə “Şəki” komandasına rəhbərlik edib.
Bedri Meriçin rəhbərliyi altında “Şəki” 2024/2025-ci illər mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb. 2025/2026-cı illər mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalına yüksəlib.


