Futbol üzrə Meksika yığmasının yarımmüdafiəçisi Xilberto Mora milli komandanın tarixində qol vuran ən gənc futbolçu olub.
Arena.az xəbər verir ki, 17 yaşlı futbolçu Kolumbiya ilə keçirilmiş yoldaşlıq görüşündə fərqlənərək bu rekorda imza atıb.
Mora qarşılaşmanın 62-ci dəqiqəsində Meksikanın bərabərlik qolunu vurub. Görüş 1:1 hesabı ilə başa çatıb. Futbolçu qol vurduğu zaman 17 yaş 347 günlük olub.
Mora bununla Meksika millisinin tarixində ən gənc qol müəllifi adına yiyələnib.
Qeyd edək ki, Xilberto Mora DÇ-2026-da da Meksika millisinin heyətində çıxış edib. O, mundialın 1/16 final mərhələsində Ekvadorla keçirilmiş və Meksikanın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə start heyətində meydana çıxaraq dünya çempionatlarının pley-off mərhələsində start heyətində yer alan ikinci ən gənc futbolçu kimi tarixə düşmüşdü.
Həmin vaxt 17 yaş 259 günlük olan Mora 58 dəqiqə meydanda olub. Dünya çempionatları tarixində pley-off mərhələsində daha gənc yaşda start heyətində meydana çıxan yeganə futbolçu 1958-ci ildə Uelsə qarşı 17 yaş 239 günlük olarkən oynayan braziliyalı Pele olub.
Meksikanın U-15, U-16, U-17 və U-20 yığmalarında çıxış etmiş Mora “Tixuana” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi klubun əsas komandasında 62 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mora Meksika millisində ümumilikdə 13 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.


