“Sabah” ÇL-də ilk qələbəsini Fransa klubu üzərində qazandı

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Lazar Spasiçin baş məşqçisi olduğu komanda A qrupunun 3-cü turunda Bakıda Fransanın “Nanter” kollektivini qəbul edib.

Milli Gimnastika Arenasında keçirilən görüş Azərbaycan çempionunun 87:80 hesablı qələbəsi ilə başa çatıb. Komandamız ilk iki periodu müvafiq olaraq 23:21 və 26:19 hesabları ilə üstün tamamlayıb. Üçüncü periodda fransalılar 22:20 hesabı ilə qalib gəlsələr də, son period 18:18 hesabı ilə yekunlaşıb.

“Bayquşlar”ın heyətində Frenki Fidler 18 xalla matçın ən məhsuldar basketbolçusu olub. Çarlz Menninq 16, Mindauqas Susinskas 12, Evan Brunsma 11, Cerri Bleyks isə 10 xal toplayıblar.

Qeyd edək ki, Azərbaycan təmsilçisi bundan əvvəl Litvanın “Ritas” komandasına səfərdə 73:82, Türkiyənin “Trabzonspor” komandasına isə 83:100 hesabı ilə uduzmuşdu.

Üç turdan sonra “Sabah”, “Trabzonspor” və “Nanter”in hərəsinin 4 xalı var. “Ritas” isə 3 xalla qrupda sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: