Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Araz-Naxçıvan” – “Qəbələ” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib. “Qəbələ”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub da 700 manat cərimə edilib.
“Şəfa” – “Kəpəz” oyunundan əvvəl “Şəfa” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə sözügedən klub 1500 manat cərimələnib.
“Neftçi” – “Turan Tovuz” oyununun 29-cu dəqiqəsində “Neftçi”nin futbolçusu İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Neftçi” buna görə 1000 manat cərimə ödəyəcək.
“İmişli” – “Şamaxı” oyununda “Şamaxı”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam klubu 6000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən stadionda 27 ədəd skamya sındırıldığına görə stadiona dəymiş zərər Ağdam klubu tərəfindən qarşılanacaq.


