Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində çempion olaraq tarixi uğura imza atıb.
Arena.az xəbər verir ki, bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Yarışın ilk günündə Azərbaycan millisinin 5 idmançısı tatami üzərinə çıxıb. Onlardan ikisi qızıl, biri isə bürünc medal qazanıb.
Balabəy Ağayev (60 kq) ilk görüşündə sloveniyalı David Ştarkeli məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə olimpiya çempionu, qazaxıstanlı Yeldos Smetova, ardınca isə özbəkistanlı Kamoliddin Baxtiyorova qalib gəlib. Finalda tacikistanlı Loik Qudbudinovu üstələyən Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Könul Əliyeva (48 kq) da turnirdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, əvvəlcə özbəkistanlı Ulbusin Hakimovanı, ardınca Niderland təmsilçisi Amber Herşyesi və fransalı Melani Klementi məğlub edib. Finalda türkiyəli Merve Azaka qalib gələn Əliyeva karyerasında mühüm uğura imza atıb. Belə ki, Könul Əliyeva tarixdə “Böyük Dəbilqə” turnirinin qalibi olan ilk azərbaycanlı qadın cüdoçu olub. Bu, onun böyüklər arasında Dünya Turunda qazandığı ilk qızıl medaldır.
Rəşad Yelkiyev (66 kq) ilk iki görüşündə qırğızıstanlı Yerbol Abasbekovu və israilli Matan Kokolayevi məğlub etsə də, 1/4 finalda rusiyalı Yaqo Abuladze səddini keçə bilməyib. Təsəlliverici görüşdə qazaxıstanlı Qusman Qırğızbayevə qalib gələn cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada özbəkistanlı Dilşodbek Xamroyevi məğlub edərək üçüncü yeri tutub.
Digər təmsilçimiz Ruslan Paşayev (66 kq) startda mübarizə aparmadan növbəti mərhələyə yüksəlib, 1/8 finalda isə israilli Tom Simxayevi məğlub edib. O, 1/4 finalda Bəhreyn təmsilçisi Suxrob Boqiyevə, bürünc medal uğrunda görüşdə isə tacikistanlı İskəndər Mahmadxocazadəyə uduzub.
Gültac Məmmədəliyeva (52 kq) ilk görüşündə rusiyalı Karina Yefimovanı, 1/8 finalda isə BƏƏ təmsilçisi Xorlodoy Bişreltini məğlub edib. Cüdoçumuz 1/4 finalda fransalı Amandin Buşarla qarşılaşmada uduzub, təsəlliverici mərhələdə isə çexiyalı Tereza Bodnarovaya məğlub olub.
Qeyd edək ki, turnirdə 59 ölkədən 374 cüdoçu iştirak edir. Qaliblərə 1000, gümüş medalçılara 700, bürünc medalçılara isə 500 reytinq xalı veriləcək.


