Türkiyəli futbol mütəxəssisi Emre Belözoğlu “Kasımpaşa”dan ayrılaraq Super Liqanın digər təmsilçisi, keçmiş klubu “Fənərbağça”ya qayıdıb.
Arena.az xəbər verir ki, İstanbul klubu baş məşqçi postuna məhz Belözoğlunu gətirməyə qərar verib.
Klub bu barədə məlumatı Türkiyənin İctimaiyyətə Açıqlama Platformasına (KAP) təqdim edib.
Açıqlamada bildirilib: “Əsas komandamızın baş məşqçiliyi vəzifəsi ilə bağlı cənab Emre Belözoğlu ilə razılıq əldə olunub”.
Məlumata görə, 46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Belözoğlu İsmail Kartalın istefasından sonra boş qalan vəzifəni tutub. Onun təyinatından əvvəl portuqaliyalı Serxio Konseysao ilə danışıqlar aparılsa da, tərəflər müqavilə şərtləri və maaş tələbləri ilə bağlı razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Emre Belözoğlu 2020/2021-ci illər mövsümündə də “Fənərbağça”da çalışıb. Həmin vaxt komanda onun rəhbərliyi altında 10 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə məğlub olub.
Digər tərəfdən, Belözoğlunun ayrılmasından sonra “Kasımpaşa” da yeni baş məşqçi axtarışına başlayıb. Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubu Abdullah Avcı ilə danışıqlar aparır. Tərəflərin bu gün görüşəcəyi bildirilir.
61 yaşlı Avcı sonuncu dəfə 2023-cü ilin oktyabrından 2024-cü ilin avqustunadək “Trabzonspor”a rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə komanda 44 oyunda 25 qələbə qazanıb, 6 heç-heçə edib və 13 məğlubiyyət alıb.


