“Bayern”in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında keçirdiyi oyunların sayına görə turnirin tarixində üçüncü pilləyə yüksəlib.
Arena.az xəbər verir ki, Almaniya millisinin sabiq qapıçısı əsas mərhələnin 4-cü turunda “Atletiko” ilə səfər qarşılaşmasında meydana çıxmaqla turnirdəki 164-cü oyununu keçirib.
Beləliklə, 40 yaşlı qolkiper argentinalı Lionel Messi və almaniyalı Tomas Mülleri geridə qoyub. Noyer həm də UEFA Çempionlar Liqasında ən çox oyun keçirmiş alman futbolçu olub.
Bu göstəricidə yalnız iki sabiq “Real” oyunçusu ondan öndədir. İspaniyalı İker Kasilyas 177, portuqaliyalı Kristiano Ronaldo isə 183 matçla siyahıya başçılıq edir.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bayern”də çıxış edir. O, Münhen klubu ilə 13 dəfə Almaniya çempionu olub, 6 dəfə ölkə kubokunu, 8 dəfə Super Kuboku qazanıb. Qapıçı “Bayern”lə iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.
Noyer Almaniya yığmasının heyətində 2014-cü ildə dünya çempionu, 2010-cu ildə isə dünya çempionatının bürünc mükafatçısı olub.


