Braziliyada 20 yaşadək futbolçulardan ibarət komandalar (U-20) arasında təşkil edilmiş futbol matçı kütləvi dava ilə yadda qalıb.
Arena.az xəbər verir ki, Minas-Jerays ştatının ikinci divizionunun yarımfinalında “Uberlandia” və “Mamore” komandaları arasında keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.
Lakin qarşılaşmada ümumilikdə 53 qırmızı vərəqə göstərilib. Hadisə “Mamore”nin üçüncü qolundan sonra başlayıb. Komandanın futbolçusu Davi Fernandes Bittenkurt rəqib ehtiyat oyunçular skamyasına tərəf təxribat xarakterli jestlər edib. Bundan sonra “Uberlandia”nın qapıçılar üzrə məşqçisi meydana daxil olaraq futbolçu ilə mübahisə edib və kütləvi dava başlayıb.
Nəticədə 43 futbolçu, 8 məşqçi heyəti üzvü və 2 klub rəsmisi meydandan qovulub. Qarşılaşma təxminən 40 dəqiqə dayandırılıb və daha sonra təhlükəsizlik səbəbindən başa çatdırılıb.
Bu göstərici bir matçda qırmızı vərəqələrin sayına görə yeni dünya rekordu hesab olunur. Əvvəlki rekord 2011-ci ildə Argentinada qeydə alınmış 36 qırmızı vərəqə idi.


