Amerika Birləşmiş Ştatlarının (ABŞ) futbol üzrə U-17 milli komandası Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Arena.az xəbər verir ki, bu barədə ESPN yerli futbol federasiyasına istinadən məlumat yayıb.
Turnirin noyabrın 19-dan dekabrın 13-dək keçirilməsi planlaşdırılır. ABŞ millisi qrup mərhələsində Monteneqro, Çili və Əlcəzair yığmaları ilə qarşılaşmalı idi.
Amerika Birləşmiş Ştatları Futbol Federasiyası komandanın turnirdən çəkilməsini Qətərə səfərlə bağlı təhlükəsizlik narahatlıqları ilə əlaqələndirib. Dövlət Departamentinin Qətərə səyahətlə bağlı 3-cü səviyyəli xəbərdarlıq yayması və bu ölkənin Dohadakı səfirliyinin əməkdaşları və onların ailələri ilə bağlı müvafiq göstərişlərin verilməsi qərara təsir edib.
Federasiyanın açıqlamasında deyilir:
“Dünya çempionatına hazırlıq toplanışımızı və turnirdə iştirakımızı ləğv etmək barədə çətin qərar qəbul etdiyimizi bildirmək istəyirik. Futbolçularımızın və məşqçilərimizin ABŞ-ı dünya çempionatında təmsil etməyə hazırlığı ilə son dərəcə qürur duyuruq. Təəssüf ki, mövcud vəziyyəti, o cümlədən ABŞ Dövlət Departamentinin Qətərə səyahətlə bağlı 3-cü səviyyəli təhlükə xəbərdarlığını və səfirliyin əməkdaşları və onların ailələri üçün müvafiq göstərişləri nəzərə alaraq turnirdə iştirak edə bilmərik. Futbolçularımızın və əməkdaşlarımızın təhlükəsizliyi hər zaman bizim üçün ən vacib məsələdir”.
Beləliklə, sözügedən milli U-17 dünya çempionatında iştirakdan imtina edən ilk komandalardan biri olub. Komandanın qrupundakı oyunların taleyi ilə bağlı qərarın turnirin təşkilatçıları tərəfindən verilməsi gözlənilir.


