“DH Volley” Polşa klubuna Bakıda məğlub oldu

Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, Bakıdakı Fövqəladə Hallar Nazirliyinin idman zalında Polşanın LKS (Lodz) komandası ilə qarşılaşan təmsilçimiz 0:3 hesabı ilə məğlub olub.

Görüşün ilk setində LKS 25:13 hesabı ilə qalib gəlib. İkinci hissədə də üstünlüyünü davam etdirən Polşa klubu seti 25:18 hesabı ilə qazanıb. Üçüncü setdə Azərbaycan komandası müqavimət göstərsə də, rəqib 25:22 hesablı qələbə ilə matça son qoyub.

Beləliklə, “DH Volley” doğma meydanda 0:3 hesabı ilə uduzaraq mərhələni keçmək şansını xeyli çətinləşdirib.

Komandalar arasında cavab qarşılaşması dekabrın 2-də Polşada keçiriləcək.

Xatırladaq ki, Azərbaycan komandası bu turnirin 1/32 final mərhələsində Danimarkanın “Holte” kollektivini mübarizədən kənarlaşdırmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: