Xəyal Nəcəfov: “Dinamo”nu keçəcəyimizə inanıram”

“Neftçi”nin “Sumqayıt”dan transfer etdiyi Xəyal Nəcəfov paytaxt klubuna keçidindən danışıb. Arena.az xəbər verir ki, o, “Neftçi TV”yə müsahibəsində bunları söyləyib:

“Neftçi”yə transferim çempionatın sonunda baş verdi. Artıq həmin vaxt söz-söhbətlər çıxdı. “Neftçi” haqqında heç nə demək olmur. Çox böyük klubdur. Hamının arzusu, məqsədi belə köklü klubda oynamaqdır. Buraya gəldiyim üçün sevinirəm. Sevindirici haldır ki, “Neftçi” kimi klubdan mənə təklif gəlib. Hisslərlə başa salmaq mümkün deyil. Belə böyük klubda oynamaq şərəfdir. “Sumqayıt”da oynamışam, böyük kluba gəlməyim daha da sevindiricidir”.

Nəcəfov uşaqlıqdan məqsədinin “Neftçi”də çıxış etmək olduğunu sözlərinə əlavə edib: “Burada olduğuma görə xoşbəxtəm. Əlimizdən gələn hər şeyi edib, bütün titulları qazanmaq istəyirik. Komandada rəqabətin olması yaxşı haldır. Yaxşı məşqlər, oyunlar göstərəcəyik. Mən də rəqabətə hazıram. “Neftçi” kimi böyük klubda rəqabətin olması normaldır. Oynasam və öz oyunumu sərgiləsəm, əsas milli komandanın baş məşqçisi Canni De Byazi məni yenidən yığmaya çağıracaq”.

Yarımmüdafiəçi ölkə çempionunda çox gözəl kollektivin olduyğunu vurğulayıb: “Əsas odur ki, mehribançılıq var. Mehribanlıq olan yerdə həmişə hər şey yaxşı alınır və nəticə olur. İlk məşqimdə hamı mənə kömək etməyə çalışırdı, özümü kənarda hiss etmədim”.

Xəyal Nəcəfov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə matçlara da toxunub: “Məşq edib, yoxlama oyunları keçirib, həmin görüşlərə hazırlaşmaq lazımdır. Demək olar ki, eyni səviyyəli komandadır. İnanıram ki, bu rəqibi keçəcəyik. Başqa variant yoxdur”.

Futbolçu “ağ-qaralar”ın azarkeşlərindən də danışıb: “Keçidimdən sonra fanatlar yazdılar, dəstək oldular. Dedilər ki, sən oyna, qalan hər şey bizlikdir. Bizə dəstək olsunlar və arxamızda dursunlar. Biz də əlimizdən gələni edəcəyik. Onlara söz veririk ki, ən yaxşısını edəcəyik”.