Ronaldo “Yuventus”dan ayrıldı, “Mançester Yunayted”ə döndü

Futbol üzrə Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo İtaliyanın “Yuventus” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 36 yaşlı forvard bundan sonrakı karyerasını İngiltərədə davam etdirəcək.

Belə ki, o, sabiq klubu “Mançester Yunayted”ə keçib. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.

Britaniya mətbuatının yazdığına görə, “Mançester Yunayted” 12 illik fasilədən sonra “Old Trafford”da meydana çıxacaq Ronaldo üçün “Yuventus”a 24 milyon avro təzminat ödəyəcək. Futbolçu özü köhnə-yeni klubunda həftəsinə 480 min funt-sterlinq qazanacaq. Bu da hücumçunun ilinə 30 milyon avro qazanacağı anlamına gəlir.

Xatırladaq ki, Ronaldo 2003-2009-cu illər aralığında məhz “Mançester Yunayted”də çıxış edib. Təcrübəli hucumçu bu komandanın heyətində meydana çıxdığı 292 oyunda 118 qola imza atıb. O, 2009-cu ildə 94 milyon avro qarşılığında Madrid “Real”ına transfer olmuş və həmin dövrdə dünya rekordu qırılmışdı. 2018-ci ildə isə o, 100 milyon avro qarşılığında “Yuventus”a keçmişdi. Turin təmsilçisindəki üç mövsüm ərzində 134 matça çıxan Kristiano, 101 qola imza atıb.

Portuqaliya millisində 179 matçda 109 qol vurmuş Ronaldo, “Mançester Yunayted”, “Real” və “Yuventus”dan əvvəl ölkəsinin “Sportinq” klubunun da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: