“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komandama təşəkkür etmək istəyirəm. Futbolçular çox böyük istəklə meydana çıxmışdılar. Əzmkarlıq göstərdilər. Vacib 3 xal qazandıq. Oyun da yaxşı alındı. Daha da inkişaf etmək üçün potensialımız var. Rəqibin gücü bəllidir. Ciddi hazırlaşmışdıq.
“Zirə”dən heç bir futbolçunun Azərbaycan millisinə çağırılmamasına təəccübləndim. Çox futbolçumuz milliyə namizəddir. Məşqçinin qərarıdır. Heyətin oyuna 5-6 saat qalmış açıqlanması da bir az qəribə oldu. Son bir neçə toplanışda iştirak edən futbolçularım bu gün çağırılmadı. Bu, onlara bir az təsir edə bilər. Milli hər futbolçu üçün önəmlidir. Yalnız heyətin belə açıqlanması məyusedici oldu. Heyət oyundan sonra və ya 1-2 gün əvvəl açıqlana bilərdi. Coşqun Diniyev son oyunlarda yaxşı çıxış edir. Bu tip oyunçulara daha çox qayğı və diqqət göstərməliyik ki, fayda versinlər. Diniyev kimi oyunçular qorunmalıdır ki, daha çox inkişaf etsinlər. Bu futbolçular bizim gələcəyimizdir. Mən onun yerində olsam, hansı qərarı verərdim, bilmirəm. Coşqunun oyununu çox bəyənmirəm. Onun daha böyük səviyyədə oynamaq potensialı var. Bəlkə də milliyə çağırılmaması onun üçün daha motivasiya olacaq. Milliyə uğurlar arzu edirəm.
Qarşıdakı fasilənin həm mənfi, həm də müsbət tərəfləri olacaq. Yaxşı çıxış edən komanda heç vaxt istəməz ki, fasilə olsun. Amma zədəlilərimizin bərpası üçün də vaxt olacaq.
Məni sevindirən amil odur ki, komandam böyük xarakter göstərir. Qol buraxsaq da, məyus olmur, sınmır. Düşünürəm ki, hər komanda inkişaf edə bilir.
Felipe Paxtman yenidən zədələnib. O, 6-7 ay komandadan kənarda qalacaq. Amma onunla yolları ayırmağı düşünmürük. Hesab edirəm ki, Paxtman Azərbaycana gəlmiş ən yaxşı 3 hücumçudan biridir. Bilmirəm, şanssızlıqdır, ya qismət. Onunla birlikdəyik, ona inanırıq”.


