Dünya çempionatı: Həsrət çempion, Ülvi üçüncü oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, ikinci yarış günündə iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Həsrət Cəfərov debütdə meksikalı rəqibini məğlub edib. Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan Həsrət adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib.

Noyabrın 3-də həlledici görüşdə İran pəhləvanıyla münasibətləri aydınlaşdıran Cəfərov gərgin keçən mübarizədən minimal fərqlə olsa da, qalib ayrılıb. Beləliklə, 19 yaşlı Həsrət 23 yaşadək güləşçilər arasında dünya çempionu olan ilk yunan-Roma güləşçimiz kimi adını tarixə yazdırıb. Xatırladaq ki, Cəfərov bu ilin avqustunda Ufada gənclər arasında keçirilən dünya çempionatında da qızıl medal qazanıb.

Ülvi Qənizadə startda Qırğızıstan güləşçisi üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Yekunda Qənizadə minimalhesablı qələbəyə sevinib. Ülvi 1/4 finalda macar rəqibini çətinliklə də olsa, üstələyərək yarımfinala vəsiqə qazanıb. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə minimal fərqlə məğlub olub və ümidini bürünc medala bağlayıb.

Noyabrın 3-də İran güləşçisiylə həlledici görüş olduqca dramatik alınıb. Belə ki, ilk hissə başa çatanda rəqib hesabda 6:0 öndə olub. Ancaq ikinci hissədə əsl əzmkarlıq örnəyi göstərən Ülvi möhtəşəm geridönüş edərək həmkarını böyük fərqlə üstələyib və dünya çempionatının bürünc medalına sahib çıxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Bu, yığmamızın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.

Dünya çempionatı

67 kq
1/16 final: Həsrət Cəfərov – Dieqo Martines (Meksika) 3:1
1/8 final: Həsrət Cəfərov – Vasile Dosoftei (Rumıniya) 10:1
1/4 final: Həsrət Cəfərov – Sultan Assetuli (Qazaxıstan) 9:2
1/2 final: Həsrət Cəfərov – Kadir Kamal (Türkiyə) 4:1
Final: Həsrət Cəfərov – Məhəmməd Rezayi (İran) 3:2

72 kq
1/16 final: Ülvi Qənizadə – Liqilik Satimkul (Qırğızıstan) 5:0
1/8 final: Ülvi Qənizadə – Vikaş Vikaş (Hindistan) 6:5
1/4 final: Ülvi Qənizadə – Atilla Toesmaqi (Macarıstan) 2:1
1/2 final: Ülvi Qənizadə – Sergey Kutuzov (Rusiya) 2:3
Bürünc medal görüşü: Ülvi Qənizadə – Amir Abdi (İran) 12:7