Azərbaycan boksçusu Alfonso Dominqes Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib. Arena.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib.
Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Alfonso sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.
Xatırladaq ki, daha öncə AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso Dominqes, 1/4 finalda rusiyalı Şarabutdin Atayevə qalib gəlib.
Bu gün baş tutacaq yarımfinallarda daha iki Azərbaycan boksçusu rinqə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) yarımfinalda Davit Çaloyanla (Ermənistan) qarşılaşacaq. Sərxan Əliyev (71 kq) isə final üçün ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


