Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terim ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Sarı-qırmızılar” təcrübəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona uğurlar arzulayıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, İstanbul təmsilçisi bu mövsüm Super Liqada 20 oyunda cəmi 27 xal toplayıb və 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Sözügedən kollektiv bu oyunlarda cəmi 7 qələbə qazana bilib.
Fatih Terim 2017-ci ilin dekabrından “Qalatasaray”a rəhbərlik edirdi. Bu, onun sözügedən klubdakı dördüncü dönəmi idi. Bu müddətdə komanda iki dəfə Türkiyə çempionu olub. 2019-cu ildə Türkiyə kuboku ilə Super Kuboku da qazanan “Qalatasaray”, son iki mövsümdə uğur qazana bilməyib.
Terim daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illər aralıqlarında da “Qalatasaray”a rəhbərlik edib. 68 yaşlı məşqçi “sarı-qırmızılar”ı bütövlükdə 8 dəfə Türkiyə çempionu edib, 3 dəfə ölkə kubokunu qazandırıb. Bu komanda yeganə UEFA Kubokunu da məhz Terimin rəhbərliyi altında qazanıb. Terimin dönəmində klub 3 dəfə Super Kubokda da uğura sevinib.
Terimin istefası ilə Türkiyə Super Liqasında maraqlı bir ilk də qeydə alınıb. Belə ki, ilk dəfə Türkiyənin üç böyük klubu bir mövsümün gedişində baş məşqçilərini istefaya göndəriblər. Daha öncə “Beşiktaş”da Sərgən Yalçın, “Fənərbaxça”da isə Vitor Pereyra istefaya göndərilmişdi.
Sonda onu da bildirək ki, Türkiyə mətbuatı “Qalatasaray”ın yeni baş məşqçisinin Domenek Torrent olacağını iddia edib. Qardaş ölkə mətbuatında yayılan xəbərlərə görə, “Bayern” və “Mançester Siti” kimi klublarda Xosep Qvardiolanın köməkçisi olmuş bu mütəxəssislə danışıqlara start verilib. Yerli mütəxəssislər arasında isə əsas namizəd Okan Buruk hesab olunur.


