Zaqreb “Dinamo”su Kopiçi istefaya göndərdi

Xorvatiyanin “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Jelko Kopiç azərbaycanlı futbolçu Mahir Emrelinin də çıxış etdiyi bu komandanı 2021-ci ilin dekabrından çalışdırırdı. O, beşi yoxlama oyunu olmaqla bu komandanı 19 oyuna çıxarıb. Bu oyunlarda zaqreblilər 13 qələbə qazanıb, 2 heç-heçə ediblər. Qalan dörd matçda isə məğlubiyyət qeydə alınıb.

“Dinamo”ya bu ilin fevralında transfer olunan Mahir Emreli Zaqreb təmsilçisində 6 oyuna çıxıb. Millimizin forvardı bu görüşlərdə 2 qol vurub.

Jelko Kopiç ötən gün 9-cu turdan təxirə salınmış “Hayduk”la səfər matçında millimizin hücumçusuna 90 dəqiqə şans verib. Lakin komanda Mahirin fərqlənə bilmədiyi bu vacib qarşılaşmadan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Görünür, baş məşqçinin istefasına da məhz əzəli rəqibə məğlubiyyət səbəb olub.

Bu nəticədən sonra 66 xala malik “Dinamo” vahid liderliyini qorusa da, “Hayduk” aradakı fərqi azaldıb. Üçüncü pillədə qərarlaşmış Split təmsilçisinin hazırda 62 xalı var. Zaqreblilərin əsas izləyicisi isə 64 xalı olan “Osiyek”dir.

Artıq “Dinamo”nun yeni baş məşqçisi də müəyyənləşib. Zaqreb klubunun rəsmi saytının yaydığı məlumata görə, komanda müvəqqəti olaraq Ante Çaçiçə tapşırılıb. 69 yaşlı mütəxəssis mövsümün sonunadək “Dinamo”ya rəhbərlik edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: