Bu gün futbol üzrə Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki matça eyni saatda start verilib. Bu turnirdə də yarımfinalın ilk oyunlarından sonra bütün komandaların finala çıxmaq şansları demək olar ki, bərabər idi.
Turnirin favoritlərindən olan “Roma” İtaliyada İngiltərənin “Lester Siti” komandasını qəbul edib. “Olimpiko” stadionundakı görüşü serbiyalı referi Srcan Yovanoviç idarə edib. Lesterdə baş tutmuş ilk qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1. Bu oyunda isə “Roma” qələbə hesabını sonadək qoruya bilib. Beləcə, “tülkülər”i mübarizədən kənarlaşdıran “canavarlar” finala yüksəlib.
Digər cavab oyununda isə Niderland “Feyenoord”u Fransada Marsel “Olimpik”i ilə üz-üzə gəlib. “Velodrom” stadionundakı matçın baş hakimi isveçrəli Sandro Şerer olub. Rotterdamdakı ilk görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanmışdılar. Marseldəki görüşdə isə qapılara qol vurulmayıb. Bu nəticə Niderland təmsilçisini finala daşıyıb.
Beləliklə, həlledici oyunda “Roma” ilə “Feyenoord” üz-üzə gələcək. Avropa Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək. Qalib gələcək kollektiv bu turnirin tarixinə düşəcək. Çünki yeni yaradılan Konfrans Liqası ilk dəfədir təşkil olunur və onun ilk qalibinin hansı komanda olacağı maraqla gözlənilir.
Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
5 may
Roma (İtaliya) – Lester Siti (İngiltərə) 1:0
Qol: Temmi Abraham, 11.
Baş hakim: Srcan Yovanoviç (Serbiya).
Roma, “Olimpiko” stadionu.
İlk oyun – 1:1.
Olimpik (Marsel, Fransa) – Feyenoord (Niderland) 0:0
Baş hakim: Sandro Şerer (İsveçrə).
Marsel, “Velodrom” stadionu.
İlk oyun – 2:3.


