“Aston Villa” “Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyonu birdəfəlik transfer edib. Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, braziliyalı futbolçunun transferi üçün İspaniya klubuna 20 milyon avro ödəniləcək. 30 yaşlı yarımmüdafiəçinin özü ilə də 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Braziliya yığmasının üzvü qarşıdakı illərdə hansısa kluba satılacağı halda, gəlirin 50 faizi “Barselona”ya ödəniləcək.
Xatırladaq ki, “Aston Villa” Koutinyonu bu mövsümün qış fasiləsində icarəyə götürmüşdü. “Sambaçı” Birmingem klubunda meydana çıxdığı 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Filippe Koutinyo daha öncə İngiltərədə “Liverpul”un formasını geyinib. O, 2018-ci ildə məhz bu klubdan 135 milyon avro qarşılığında “Barselona”ya transfer edilmişdi. Lakin Kataloniya təmsilçisində istənilən performansı göstərə bilməyən yarımmüdafiəçi, 2019-ci ildə Almaniyanın “Bayern” klubuna icarəyə verilmişdi.


