“Səbail” komandasının yeni baş məşqçisi bəlli bəlli olub. Arena.az xəbər verir ki, “dənizçilər”i bundan sonra Mahmud Qurbanov çalışdıracaq.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Bir sözlə, yeni baş məşqçinin azı 2023/34 mövsümünün sonunadək bu komandanı çalışdırması nəzərdə tutulub. 49 yaşlı mütəxəssis bu postda mayın 23-də istefaya göndərilmiş Aftandil Hacıyevi əvəzləyib.
Mahmud Qurbanov son olaraq “Neftçi”nin əvəzedici komandasına rəhbərlik edib. “Səbail” bu təyinatı açıqlamazadan öncə məhz “Neftçi” Qurbanovun komandadan ayrıldığını açıqlayıb. “Ağ-qaralar”ın rəsmi saytında bunlar qeyd olunub:
“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovla may ayının 31-də başa çatacaq müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq”.
Qeyd edək ki, 2018-ci ildən “Neftçi-2”ni çalışdıran Qurbanov 2020/21 mövsümündə əvəzedici komanda ilə Birinci Divizionun qalibi olub. O, daha öncə Azərbaycan yığmasında köməkçi, U-18 millimizdə, “Kəpəz” və “Tərəqqi”də baş məşqçi kimi çalışıb.


