Yeni mövsümə hazırlaşan “Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, Rafael Utziq və Omar Hani ilə anlaşmaların müddəti uzadılıb.
Bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb. Legionerlərlə imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki anlaşmaların müddəti 2021/22 mövsümünün sonunda başa çatmışdı. Yeni müqaviləyə əsasən onlar 2022/23 mövsümündə də “qırmızı-qaralar”ın formasını geyinəcək.
2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Rafael Utziq bu komandada 58 oyun keçirib. 26 yaşlı braziliyalı hücumçu bu oyunlarda 11 qola imza atıb.
Omar Hani isə ötən ilin yayından bu komandanın formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.
Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Ürfan Abbasov ilə anlaşmanı bir il müddətinə uzadıb.
İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu transfer edən klub, Nicat Mehbalıyev və Ehtiram Şahverdiyevlə də yollarını ayırıb.


