Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Okay Yokuşlu özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, bu yay İspaniyanın “Selta” klubundan ayrılan və azad agent statusuna malik futbolçu karyerasını İngiltərədə davam etdirəcək.
28 yaşlı oyunçu hazırda Çempionşipdə mübarizə aparan “Vest Bromviç”lə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi əvvəllər də formasını geyindiyi İngiltərə klubu ilə 3 ilik müqaviləyə imza atıb.
Xatırladaq ki, “Vest Bromviç” 2021-ci ilin əvvəlində Okayı “Selta”dan yarım illik icarəyə götürmüşdü. Yokuşlu həmin vaxt bu komandanın heyətində 16 oyun keçirmişdi.
Okay Yokuşlu Türkiyənin “Altay” klubunun yetirməsidir. Peşəkar karyerasına da doğma klubunda başlamış yarımmüdafiəçi, 2011-2015-ci illər aralığında “Kayserispor”da forma geyinib. 2015-2018-ci illər aralığında “Trabzonspor”un uğurları üçün çalışan futbolçu, 2018-ci ildə “Selta”ya transfer olunub. O, İspaniya təmsilçisindəki ilk mövsümlərində uğurlu çıxış etsə də, sonradan az şans qazanmağa başlayıb. Bu üzdən də yarımmüdafiəçi 2021-ci ildə “Vest Bromviç”ə, bu ilin əvvəlində isə “Xetafe”yə icarəyə verilmişdi.
Okay Türkiyə millisində meydana çıxdığı 39 oyunda 1 qol vurub.


